Son yenilənmə tarixi: 26/05/2025
Almaniyada bakalavr və studienkolleg haqqında yazının məqsədi bizim orta məktəbi bitirən şagirdin birbaşa Almaniyada bakalavr təhsilinə başlamaq imkanlarını müəyyən qədər anlamaqdan ibarətdir.
Almaniyada bakalavriata qəbul şərti
İlk öncə istərdim ki, bakalavr təhsilinə başlamaq üçün əsas şərtlərə toxunum. Almaniyanın təhsil sisteminə əsasən, bakalavriata başlamaq üçün ilkin şərt şəxsin təhsil müddətinin 12 il olmasıdır. Sadələşdirilmiş formada desək, Almaniyada bakalavriata başlayan qədər şəxs 12 il təhsil almış olmalıdır. Yəni, Azərbaycanın orta məktəb attestatı 11 illik təhsildən sonra verildiyi üçün, attestatla birbaşa Almaniyada bakalavr təhsilinə başlamaq mümkün deyil.
Belə olan halda nə şəxs etməlidir? İki variantla bu problemi aradan qaldırmaq olar:
- Məktəbi bitirən şəxs Azərbaycandakı bir universitetə qəbul olur və ilk kursu (bakalavr proqramının 1-ci kursu, hazırlıq yox) bitirdikdən sonra Almaniyada təhsilini yenidən 1-cu kursdan davam edə bilər. Nəzərə alınmalıdır ki, Azərbaycandakı bakalavrın 1-cu kursu Almaniyanın 12 illik tələbəni qarşılmaq üçündür. Ona görə də, birinci kursu bitirən tələbə bakalavr təhsilinə yenidən Almaniyada birinci kursdan başlayır.
- Digər bir variant isə, şagirdin Azərbaycanda orta məktəbi bitirib, Almaniyada “studienkolleg” adlanan universitet öncəsi kollecə (Foundation kimi də adlandırmaq olar) qəbul olunması ilə baş tutur. Şagird orada bir illik təhsil aldıqdan sonra isə imtahan verir və alman universitetlərinə qəbul üçün şans qazanır. İndi gəlin, studienkolleg-in nə olduğuna baxaq.
Studienkolleg
Studienkolleg nə deməkdir?
Bunu, universitetə qəbul üçün hazırlıq kimi də başa düşmək olar. Bəzi Avropa universitetlərində Foundation adlanan bu kimi hazırlıq kursu, məhz Almaniyada Studienkolleg adlanır. Bu 1 illik hazırlıq kursunun məqsədi alman təhsil sistemi ilə uyğun olmayan ölkələrin şagirdlərini bakalavr qəbulu üçün hazırlamaqdan ibarətdir. Yuxarıda yazıldığı kimi bir azərbaycanlı tələbə 11 illik orta məktəb təhsilindən sonra Almaniyada bakalavr oxumaq üçün “studienkolleg”-də oxumaq variantından istifadə edə bilər.
“studienkolleg”-də keçirilən fənlər tələbənin gələcəkdə müraciət etdiyi ixtisası ilə bağlıdır. Misal üçün, iqtisadiyyat üzrə bakalavr təhsili almaq üçün tələbə “stuidenkolleg”-də W kursunu keçir, imtahan verir və uğurlu olacağı halda Almaniyada bakalavr təhsilinə başlayır. Kolleclərdə W kursundan başqa T, M, G və S kursları da tədris olunur. T texniki, M tibbi, W sosial elmlər, iqtisadiyyat və biznes, G humanitar, S isə filologiya sahəsində bakalavr təhsili almaq üçün nəzərdə tutulmuş kurs formalarıdır.
Studienkolleg-ə qəbul şərtləri
Dövlət studienkolleg-lərində tədris dili almanca olduğu üçün tələbələrin bu dili ən azı B2 səviyyədə bilməkləri və sertifikatla (TesDaF, DSH və s.) sübut etməkləri tələb olunur. Bəzi kolleclər daha aşağı (B1) və ya daha yuxarı (C1) dil biliyi tələb edə bilərlər. Adətən, hüquq, tibb kimi ixtisalara müraciət olunursa, bu zaman daha yuxarı dil biliyi tələb oluna bilir. Çox nadirən olur ki, hansısa bir studienkolleg dil sertifikatı olmadan da, tələbəni imtahana dəvət edir. İmtahan dəvət demişkən, ətraflı danışaq.
Dil biliyi sertifikatı olsa belə, studienkolleg-ə qəbul olmaq üçün alman dilindən mütləq imtahan vermək tələb olunur. Alman dilində savayı yuxarıda yazılan kursun növlərinə (T, M, W, G və S) görə də əlavə fənn üzrə imtahan verilir. Məsələn, T kursu üzrə studienkolleg oxumaq istəyən tələbə əlavə olaraq riyaziyyatdan da imtahan verməlidir. Bu da nəzərə alınmalıdır ki, Studienkolleg-ə qəbul üçün verilən imtahanların demək olar ki, hamısı Almaniyada təşkil olunur.
Bu arada, dövlət Studienkolleg-lərinə birbaşa qəbul olmaq mümkün deyil. Yəni, tələbə ilk öncə bakalavr təhsili almaq üçün ixtisasını seçərək universitetə müraciət edir və universitet həmin şagirdin sənədlərini uyğun bildiyi halda studienkolleg-ə yönləndirir. Özəl studienkolleg-lərdə isə məsələ daha sadədir. Bir çox özəl kolleclər əlavə imtahansız tələbəni qəbul edə bilir.
Studienkolleg-ə qəbul olmaq üçün son müraciət tarixi Almaniyanın universitetlərinə görə dəyişir. Yəni tələbə universitetin son müraciət tarixini nəzərə almalı və ona uyğun müraciət prosesini yekunlaşdırmalıdır.
Studienkolleg-in xərcləri
Əvvəlki Almaniyada ödənişsiz təhsil haqqında yazımda qeyd etmişdim ki, bu ölkədə dövlət universitetlərinin illik xərcləri Almaniyanın vilayətlərindən asılı olaraq dəyişir. Bavariya və Baden-Vürtemberq vilayətləri istisna, illik təhsil xərcləri adətən 300-600 avro civarında olur.
Studienkolleg-in illik təhsil xərcləri də aşağı-yuxarı bakalavr qədər olur. Lakin, nəzərə alınmalıdır ki, bu xərclər yalnız dövlət kollecləri üçün keçərlidir. Özəl kolleclərdə isə illik təhsil xərci qat-qat baha olur.
Digər diqqət tələb edən məqamlar
Almaniyada özəl Studienkolleg və ya Foundation təklif edən digər özəl kurslar da var. Amma burada əsas məsələ odur ki, bu hazırlıq kursunu bitirən şagird Almaniyanın FSP imtahanına (Feststellungsprüfung, yəni universitetə qəbul üçün imtahan) giriş hüququ əldə etsin. Bütün bakalavra qədər hazırlıq kursları tələbələrə bu hüququ vermir. Bu baxımdan özəl studienkolleg və ya foundation kurslar seçərkən onların şərtləri ilə hərtərəfli tanış olmaq lazımdır.

