Son yenilənmə tarixi: 18/01/2026
Avropada tibb təhsili axtarışı ilə bu yazıya gəlib çıxmısınızsa, şanslısınız. Səbəb isə sadədir. Çünki, həm Avropada və ya xarici bir ölkədə tibb təhsili üçün universitetlərə müraciət etmək prosesi belə bir qədər uzun zaman, əziyyət və diqqət tələb edir. Bu baxımdan, xaricdə təhsil xidmətləri göstərən şirkətlər və ya şəxslər bu istiqamət üzrə fəaliyyət göstərmək istəmirlər. Elə sevimlimiz Google-da axtarış edərkən də eyni mənzərə ilə qarşılaşdım. Yəni, qısa və dolğun olmayan məlumat yığını, vəssalam. Bu məqaləmdə isə Avropada tibb təhsili ilə bağlı bir sıra məqama aydınlıq gətirməyə çalışacağam.
Tibb təhsilinin strukturu
Tibb təhsili Azərbaycanda olduğu kimi, bir çox ölkələrdə də 12 semestr (360 kredit), yəni 6 ildən ibarətdir. 6 illik təhsili bitirən məzunlara isə birbaşa magistr dərəcəsi verilir. Bu proqramın ilk illərində (adətən 2-3 il) tələbə, tibb sahəsinə aid fundamental biliklər əldə edir. Bu biliklər İnsan anatomiyasından tutmuş Psixologiyaya qədər gedib çıxır. Universitetlərə görə dəyişdiyinə görə fənlərin konkret siyahısını vermək çətindir. Növbəti illərdə isə təcrübə hissəsi başlayır. Təcrübə hissəsi adəti üzrə sonuncu 1-2 il müddəti əhatə edir. Məsələn, Litvanın Vilnüs Universitetinin Tibb proqramının sonuncu ilində (7 və 8-ci semestrdə) müxtəlif xəstəxanalarda klinik təcrübə nəzərdə tutulduğu halda, Çexiyanın Masarik Universitetində isə təhsilin 4 və 5-ci ilində təcrübə proqramı, sonuncu ilində supervazyerin nəzarəti altında praktiki təlim keçirlər.
Qəbul zamanı yerli dil tələbi olmasa da, bu şərt, daha sonra tələb olunur. Çünki, tibb tələbəsi proqramın təlim (və ya təcrübə) hissəsini uğurla bitirmək üçün yerli pasientlərlə ünsiyyətdə olmalı olur. Bu baxımdan, yerli dil məcburidir və ən azı B1 səviyyəsində bilmək tələb olunur.
Tibb təhsili üçün ölkə seçimi
Xaricdə bakalavr təhsili adlı məqaləmdə qeyd etmişdim ki, xarici ölkələrdə bakalavriat təhsili almaq istəyən məzunlarımız 2 əsas nüansa diqqət etməlidir. Bunlardan birincisi, 11 illik orta təhsillə birbaşa bakalavriata başlamaq, ikincisi isə, ingiliscə təhsil almaq məsələsidir. Əgər biz hər iki nüansı əsas götürsək, Litva, Latviya, Estoniya, Çexiya, Polşa və Macarıstan kimi ölkələr ilə seçimlərimizi məhdudlaşdırmalı olacağıq. Çünki, bu ölkələrdə bizim 11 illik təhsil nəticəsində verilmiş attestatla ingiliscə tibb proqramına birbaşa başlamaq mümkündür, yerdə qalan qəbul şərtləri də yerinə yetirildiyi halda.
Əlbəttə ki, 11 illik təhsil bizə Almaniya, İtaliya, Niderland və s. kimi Qərbi Avropa ölkələrinə də müraciət hüquq verir. Sadəcə, bu kimi ölkələrdə tibb təhsilinə (eləcə də, mühəndislik, İT proqramlarına) qəbul almaq məsələsi bizim attestatımız ilə çox qəliz məsələdir, demək olar ki, mümkün deyil. Bu kimi ölkələrdə orta məktəb məzunlarımız 11 illik təhsillə adətən universitet öncəsi hazırlıq proqramlarına qəbul ala bilirlər. 11 illik attestatla birbaşa bakalavriata başlamağa imkan yaradan universitetlər isə özəllər olduğu üçün təhsil haqları da, necə deyərlər, kəllə-çarxa çıxır.
Təhsil haqları
Elə təhsil haqqı demişkən, yuxarıdakı nüansları nəzərə alaraq, harada və neçəyə tibb təhsili almaq olarsa, onlara baxaq. Təhsil haqları 1 illik müddəti əhatə edir və avro ilə göstərilib. Bəzi ölkələrdə, məsələn, Polşa və Estoniyada təhsil haqlarını yarı-yarıya ödəmək imkanı da var.
Avropada tibb təhsili_siyahıQəbul şərtləri və prosedur
Avropada tibb təhsili almaq üçün qəbul şərtləri və proseduru, ən kritik hissə hesab olunuduğuna görə, haqqında bir qədər geniş yazmaq, şəffaflıq və obyektivliyi qorumaq naminə universitetləri dünya reytinqinə görə sıralamaq istərdim. Hər universitetin qarşısındakı rəqəm onun QS Dünya Reytinqində yerini göstərir.
Karl Universiteti (#266)
Dünyanın ən qədimlərindən biri sayılan və Çexiyanın birincisi Karl Universitetində tibb təhsilini hədəfləyən məzunlarımız üçün şərtləri belə ümumiləşdirə bilərik:
- Birinci turda universitetin rəsmi tərəfdaşlarının və ya özünün Praqada təşkil etdiyi Kimya, Biologiya və Fizika fənləri üzrə qəbul imtahanlarında iştirak etmək tələb olunur. Bu imtahanlar həm Çexiyada, həm də yuxarıdakı linkdə qeyd olunan ölkələrdə keçirilir. Birinci turdan ən azı 180 bal (hər fənn üzrə 100, ümumi 300 bal) yığan namizəd növbəti tura keçir. Əsas nüans budur ki, 300 bal üzərindən 270+ bal toplayan namizəd, 2-ci turdan azad olur və avtomatik olaraq universitetə qəbul olunmuş sayılır.
- İkinci turda isə 4 mini-müsahibənin nəticəsi (maks. 40 bal) və motivasiya məktubu (maks. 10 bal) dəyərləndirilir. İkinci tur üzrə maksimum hesab olunan 50 baldan ən azı 35 bal yığan namizəd tibb təhsili almaq üçün şans əldə etmiş olur. Yəni, 35 bal qəbulu 100% sığortalamır.
Tartu Universiteti (#300)
Estoniyanın bir nömrəlisi hesab olunan Tartu Universitetində Tibb təhsili almaq üçün aşağıdakılar nəzərə alınır:
- BMAT (BioMedical Admissions Test) nəticəsi 3 hissədən ibarət olsa da, Tartu Universiteti yalnız 1 və 2-ci hissədən minimum 4 bal tələb edir. İmtahandan yığılan bal qəbulun nəticəsinə 100 üzərindən maksimum 70 faizə qədər təsir göstərir. Yəni, nə qədər çox bal, bir o qədər çox şans. BMAT imtahanı zamanı Düşünmə qabiliyyəti (birinci hissə) hissəsində 32 sual, Elmi bilik (ikinci hissə) hissəsində isə Kimya, Biologiya, Fizika və Riyaziyyat fənlərindən ümumi 27 sual olur. Son olaraq, testi Azərbaycanda vermək mümkündür.
- Motivasiya məktubu və Qəbul müsahibəsi isə ayrı-ayrılıqda qəbul nəticəsinə 15% (birlikdə 30%) təsir edir.
Vilnüs Universiteti (#400)
Vilnüs, paytaxt şəhərdə yerləşməyi ilə yanaşı, Litvanın ən prestijli və dünyanın qədim universitetlərindən hesab olunur. Öz tibb təhsilini Vilniüs Universitetində almaq istəyən namizədlər üçün tələblərə baxaq:
- Namizəd qəbul imtahanında iştirak etməlidir. Universitet tərəfindən təşkil olunacaq bu imtahandan azad olmaq üçün isə minimum 500 ballıq MCAT (The Medical College Admission Test) nəticəsi əldə etmək tələb olunur.
- İngilis dil biliyini göstərən IELTS imtahanından isə azı 5,5+ nəticə istənilir. Əgər namizəd Universitetin öz qəbul imtahanında iştirak edəcəksə, dil sertifikatına ehtiyac olmayacaqdır.
- Məktəbi bitirmiş və ya bitirmək üzrə olan məzunlarımız Dövlət İmtahan Mərkəzinin imtahanında iştirak etməli və 700 üzərindən ən azı 400 bal nəticə göstərməlidir.
- Yuxarıdakı şərtləri yerinə yetirən namizəd eyni zamanda müsahibə mərhələsinə dəvət olunur. Müsahibədən sonra isə Universitet öz yekun qərarını verir. Əgər, müsahibə DİM imtahanından əvvələ təsadüf edirsə, minimal 400 bal tələbi yenə də qüvvədə qalmış olur. Əks halda, namizəd Universitetə qəbul almışsa belə, həmin qəbul ləğv olunacaqdır.
Masarik Universiteti (#551-560)
Çexiyanın 2-ci ən güclüsü olan Masarik Universitetində tibb təhsili almaq istəyən namizədlər qeyd olunan şərtləri yerinə yetirməlidirlər:
- Universitetin müxtəlif nümayəndələri tərəfindən təşkil olunan qəbul imtahanında iştirak etmək lazımdır. İmtahanda Kimya, Biologiya, Fizika və ya Riyaziyyat fənlərinin hərəsindən 40 sual düşür və hər fənn üçün 60 dəqiqə vaxt verilir. Azərbaycanda keçirilmədiyi üçün, nümayəndəliklərdən hansı distant imtahan təşkil edirsə, həmin imtahanda iştirak etmək və ən azı 60% nəticə göstərmək lazımdır. 60% nəticə qəbul olunmaq anlamına gəlmədiyi üçün maksimum yüksək nəticə əldə etmək tövsiyə olunur.
- Bir digər şərt isə ingilis dil biliyini sübut edən sertifikatla bağlıdır. Masarik tibb təhsili üçün sertifikat tələb etmir, çünki imtahanda minimum nəticə göstərən namizədin dil biliyi kifayət qədər hesab olunur. Sadəcə, universitetin nümayəndələri müəyyən hallarda şifahi müsahibənin ola biləcəyini də qeyd edirlər.
Masarik Universiteti qəbul imtahanı üçün Kimya, Biologiya və Fizika fənləri üzrə Hazırlıq kursu almağı və bu kursla hazırlaşmağı tövsiyə edir.
Latviya Universiteti (#1001-1200)
Latviya Universitetini bura əlavə etməyimin səbəbi tələblərinin bir qədər yüngül olması, yəni qəbul imtahanın olmaması ilə bağlıdır. Amma, bu o demək deyil ki, heçnə etmədən bura qəbul olmaq olar. Xülasə, yuxarıda olduğu kimi, Latviya Universiteti üçün də tələbləri ümumiləşdirək:
- Ən birinci tələb, namizədin Kimya, Biologiya və İngilis dilindən attestat qiymətlərinin əla olmasıdır.
- İkincisi, Azərbaycanda keçirilən buraxılış və dövlət imtahanında iştirak etmək, Kimya və Biologiyadan ən azı 40%, İngilis dilindən isə ən azı 20% nəticə göstərmək lazımdır. Bu baxımdan, məzunlarımız 4-cü qrupa hazırlaşmalıdırlar ki, bu fənlərdən imtahan verə bilsinlər. Əsas məsələ isə tibbin rəqabətini nəzərə almaqdır, yəni minimal bal qəbul olmağa əsas vermir.
- Namizəd ingilis dil biliyinin sübutu kimi IELTS 5,5 və üzəri bir sertifikat təqdim etməlidir. Əgər sertifikat yoxdursa, bu zaman Universitetin daxili imtahanında iştirak etmək olar.
- Yekun olaraq, bütün namizədlər 10-15 dəqiqəlik müsahibə mərhələsini də keçməlidirlər. Universitetə qəbul üçün müsahibədə isə namizədin gələcək karyera istiqaməti və motivasiyası haqqında ümumi sual-cavab olunur.
Müraciət tarixləri
Avropada tibb təhsili almaq istəyən yoldaşlar universitetlərə müraciət tarixində 2 nüansa diqqət etməlidirlər. Birinci nüans budur ki, yuxarıda adını çəkdiyim ölkələrin hamısında müraciət tarixi eyni deyil. Məsələn, Çexiyanın Karl Universitetini hədəfləyənlər 30 aprel 2024-cü il tarixinə qədər müraciəti yekunlaşdırmalıdırlar ki, iyun ayında Praqada keçiriləcək qəbul imtahanında iştirak edə bilsinlər. Litvanın Vilnüs Universitetini istəyənlər isə 1 iyul 2024-cü ilə qədər öz müraciətlərini edə bilərlər, yəni bir qədər zaman qazanmaq olur.
İkinci nüans isə, tibb təhsili almaq üçün müraciətlər zamanı alternativ kimi tələb olunan beynəlxalq tibb sertifikatları (əgər, namizəd daxili qəbul imtahanında iştirak etmirsə) ilə bağlıdır. Adları çəkilən BMAT, MCAT və s. kimi sertifikatların imtahan vaxtları fərqli ola bilir. Yəni, namizədlər imtahan üçün elə vaxt seçməlidirlər ki, universitetin dedlaynını (son müraciət tarixi) qaçırmasınlar.
Yekun fikirlər
Apardığım araşdırma onu göstərir ki, Avropada tibb təhsili almaq istəyən vətəndaşlarımız istənilən halda (daxili qəbul imtahanı və ya beynəlxalq sertifikatla) kimya, biologiya, fizika və riyaziyyat fənlərini çox yaxşı və ingiliscə bilməlidirlər. Yəni, bu saydıqlarımı təkcə doğma dilimizdə bilmək kifayət etmir. Eynilə, ingilis dil biliyinə də çox yaxşı yiyələnmək lazımdır: IELTS ilə desək, 6,5+ səviyyəsində. Təhsilə, xüsusilə tibb təhsilinə qeyri-ciddi yanaşmaq və hazırlaşmaqda bir fayda görmürəm. Bu səbəbdən də, Avropada tibb təhsili hədəfləyən məktəblilər, mümkün qədər tez, 8-9-cu sinifdən qəbul hazırlıqlarının üzərinə düşməlidirlər.
Razıyam ki, hansısa şirkət və ya şəxs, “Sadəcə attestat ilə Somalidə tibb təhsili” ilə reklam edəcək, kiminsə qəbul prosesini onun fənn, dil biliyi olmadan hansısa yolla “həll edəcək”, amma yadda saxlayın ki, bu 2 nəticə ilə nəticələnəcək: ya tələbə təhsilini yarımçıq qoyub, aidiyyatsız bir ixtisas oxuyacaq, ya da sağ ayağımızın əvəzinə solu kəsəcək.

