Birləşmiş Krallığın Chevening təqaüd proqramı

Birləşmiş Krallığın Chevening təqaüd proqramı

Son yenilənmə tarixi: 23/12/2025

Birləşmiş Krallığın Chevening təqaüd proqramı Krallıqda təhsil almaq üçün ən yaxşı proqramlardan hesab olunur. Azərbaycan vətəndaşları da bu təqaüd proqramına müraciət üçün uyğun hesab olunduğu üçün, istərdim ki, prosedur, lazım olan sənədlər və diqqət olunası məqamları bir yerdə analiz edək.

Chevening təqaüd proqramına müraciət prosesi, ilk gündən sonuncu günə qədər təxminən 8 ay vaxt alır və yalnız magistratura proqramlarını əhatə edir.

Müraciət qaydaları, tələblər və tarixlər

Müraciət anketi

Müraciət anketi (Application form) https://www.chevening.org/apply/ linki üzərindən doldurulmalıdır. Anketi hazırlayan zaman bütün sualları düzgün və ən önəmlisi, şəffaf şəkildə cavablandırmaq lazımdır. Onlayn sistem üzərindən təqaüd müraciətləri adətən avqust ayında açılır və noyabrın ilk günlərində bağlanır. Məsələn, 2026-cı ildə təhsilə başlayan namizədlər 5 avqust 2025-ci ildən 7 oktyabr 2025-ci ilə qədər müraciətini tamamlamalı idilər.

Proqramların (ixtisaslar) seçilməsi

Chevening proqramı özü dil sertifikatı və ya yüksək GPA tələb etməsə də, nəzərə almaq lazımdır ki, ingilis universitetləri üçün dil sertifikatı tələb olunur və GPA universitetlərdən asılı olaraq qəbul prosesində ciddi rol oynaya bilər.

Amma, ən əsas məsələlərdən biri yuxarıda qeyd etdiyim sistem üzərində 3 magistr proqramının seçilməsi ilə bağlıdır. Proqramın seçilməsinə xüsusi diqqət ayrılmalıdır. Aşağıdakı prinsiplərə əməl etmək şərtdir:

  • Hər ixtisas təqaüdə düşmədiyi üçün proqramların seçimi üçün https://www.chevening.org/scholarships/find-a-course/ linki üzərindən aparılmalıdır;
  • 3 proqram eyni universitetdən seçilərsə, müxtəlif proqramlar olmalıdır. 3 proqram fərqli universitetlərdən seçiləcəyi halda isə eyni ixtisaslar (və ya yaxın ixtisaslar) olmalıdır;
  • Əyani və tam zamanlı (full-time) olmalı, 12 aydan çox olmamalı, sentyabr/oktyabr aylarında başlamalı, magistratura diplomu verməli və Birləşmiş Krallıqda tədris olunmalıdır;
  • MBA proqramları illik təhsil haqqı kimi 22,000 funtu keçməməlidir (əks halda, artıq rəqəm qalib tərəfindən ödəniləcək);
  • 09 iyul 2026-cı ilə qədər sistemdə seçilmiş 3 proqramın ən azı 1-dən tam qəbul sənədini (unconditional offer) sistemə yükləmək lazımdır. Bu tarixə qədər sistemə qəbul məktubu yüklənməzsə, təqaüd (namizəd, qalib olsa belə) ləğv olunacaqdır.

İş təcrübəsi

Chevening təqaüd proqramına uyğunluq üçün tələblərdən biri isə ən azı 2 illik (2800 saat) iş təcrübəsinin olması ilə bağlıdır. Bu şərt mütləqdir. 2025-ci ildə edilmiş dəyişikliyə əsasən 2800 saatlıq iş təcrübəsi məzun olduqdan sonra əldə olunmalıdır, yəni tələbə təhsil aldığı müddət ərzində əldə etdiyi iş təcrübəsinin saatları hesablanmır.

Komissiya qiymətləndirilməsi

Bu mərhələdə sistem üzərində yazılmış esse tipli motivasiya məktubu müstəqil komissiya üzvləri tərəfindən oxunur və qiymətləndirilir. Komissiya üzvlərinin qiymətləndirilməsi adətən növbəti ilin yanvar ayına qədər qədər baş tutur. Növbəti ilin fevral ayının ortalarına qədər isə müsahibə şansı qazanan namizədlər seçilir və bu barədə məlumat e-poçtla göndərilir.

Referans məktubları və təhsil sənədləri

Deməli, sistem üzərindən müraciətin son tarixinə qədər referans məktublarının özünü sistemə yükləməyə ehtiyac yoxdur. Namizəd 2 şəxsin adını yazsa, kifayət edir. Növbəti mərhələyə (yəni, müsahibə) keçə bilən namizədlər isə müsahibəyə qədər referans məktublarının sistemə yüklənilməsini təmin etməlidirlər.

Müsahibə

Bu mərhələ adətən mart-aprel aylarına planlaşdırılır və dəqiq tarix bu mərhələrə keçən namizədlərin e-poçt ünvanına göndərilir. Müsahibə, referans və təhsil sənədlərinin sistemə yüklənilməsi ilə eyni ayları əhatə etməsinə baxmayaraq, müsahibə ən sonuncu mərhələ sayılır.

Nəticələrin elanı

Qaliblərlərin adları adətən iyun ayında elan olunur. Yuxarıda qeyd etdiyim kimi iyulun əvvəlinə qədər isə seçilmiş 3 ixtisasdan birindən tam qəbul sənədini sistemə yükləmək lazımdır.

Təqüd nəyi əhatə edir?

Chevening təqaüd proqramının maliyyə dəstəyi aşağıda qeyd olunanları əhatə edir:

  • 1 illik tam təhsil haqqını;
  • Aylıq yaşayış xərcləri. Təqaüdün miqdarı London və ya kənar şəhər olmaqla müəyyənləşdirilir və aylıq təqaüd miqdarı nəticələr elan olunduqda hər qalibə fərdi şəkildə bildirilir.
  • Birləşmiş Krallığa getmək və qayıtmaq üçün ekonom bilet xərci;
  • Viza xərcləri;
  • Birləşmiş Krallığa ilk gəldikdə və proqramın sonunda birdəfəlik maddi yardım;
  • Proqram müddətində Chevening tərəfindən təşkil olunan görüşlərdə/layihələrdə iştirak üçün maddi dəstək;
  • Tələb olunarsa, 75 funt sterlinqə qədər tuberkuloz (vərəm) testinin xərci.

Səhvlər haqqında

Birləşmiş Krallığın Chevening təqaüd proqramı öz rəsmi səhifəsində qeyd edir ki, namizədlər adətən bir neçə məsələdə səhvə yol verirlər. Ən çox buraxılan səhvlərə sistem üzərində şəxsi məlumatların düzgün yazılmaması, 2800 iş saatının tam ödənilməməsi, 3 eyni və ya yaxın magistr proqramının bir universitetdən seçilməsi, motivasiyada eyni fikirlərin (nailiyyətlərin, nəticələrin) yazılması, plagiat məzmundan istifadə (Diplom işinin yazılma qaydaları haqqındakı məqaləmi oxuyun) və zəif ingiliscə yazılmış esse tipli motivasiya hissəsi aiddir.

Bu baxımdan, sistem üzərində anketi dolduran zaman maksimum diqqət ayrılmalı və məlumatlar tam şəffaflıqla yazılmalıdır. Qeyri-dəqiq verilmiş istənilən məlumat (məsələn, 2 illik iş təcrübəsi olmadığı halda, sistemdə varmış kimi qeyd etmək) aşkara çıxarsa, heç bir şərt olmadan, təqaüd müraciəti ləğv olunacaqdır.

Scroll to Top