İsveçdə tam təqaüdlə magistratura təhsili

İsveçdə tam təqaüdlə magistratura təhsili

Son yenilənmə tarixi: 19/12/2025

İsveçdə tam təqaüdlə magistratura təhsili adlı məqaləm, İsveçdə təqaüdlə təhsil almaq istəyən tələbələrimiz üçün nəzərdə tutulub. Visby proqramı haqqında yazdığım məqaləmdə qeyd etdiyim kimi, 2022-ci ildən İsveçdə təqaüdlə təhsil almaq istəyən tələbələr, artıq Visby yox İsveç İnstitutu Qlobal Peşəkarlar üçün Təqaüdlər (Swedish Institute Scholarships for Global Professionals) yəni, SISGP proqramına müraciət etməlidirlər.

Təqüdün əhatəsi

Deməli, bu proqram Visby-də olduğu kimi demək olar ki, tələbənin bütün xərclərini qarşılayır və ona aşağıdakı imkanları təqdim edir:

Təhsil haqqının tam ödənişi hər semestrin əvvəlində İsveç İnstitutu tərəfindən birbaşa olaraq universitetin hesabına köçürülür. Yəni, tələbə təhsil haqqından tam azad olur və 11,000 İsveç kronu aylıq stipendiya, tibbi sığorta ilə təmin olunur, SI Network for Future Global ProfessionalsSweden Alumni Network kimi prestijli platformalara qoşulur və birdəfəlik 11,000 İsveç kronu səyahət qrantı əldə edir. Təqaüd proqramı ailə üzvləri üçün çəkiləcək xərcləri və universitetlərə müraciət rüsumlarını (application fee) qarşılamır.

Təqaüdə müraciət üçün kriteriyalar

SISGP proqramına müraciət üçün müəyyən kriteriyalar tətbiq olunur. Təqaüdlə təhsil almaq istəyən tələbələr mütləq şəkildə bütün meyarlara cavab verməlidir. Əks halda, imtina cavabı qaçılmaz olacaqdır.

Uyğun proqramlar

SISGP istənilən magistratura proqramı üçün təqaüd vermir. Yəni, təqaüdə müraciət etmək üçün uyğun magistratura proqramlarından seçim olunmalıdır. Təqaüd proqramına müraciət üçün beynəlxalq sertifikat və ya yüksək GPA tələbi qoyulmasa da, universitetlərin özünə müraciət etmək üçün dil sertifikatı və/və ya yaxşı qiymətlər tələb oluna bilər.

İş təcrübəsi

2025-ci ildə edilmiş dəyişikliyə əsasən Azərbaycan daxil bir sıra ölkələrdə artıq 3000 saatlıq (təxminən 2 il) iş təcrübəsi tələbi yığışdırılmışdır. Lakin nəzərə alınmalıdır ki, SISGP proqramına müraciət zamanı daha çox təcrübə daha çox şans deməkdir və namizədin iş təcrübəsi mütləq olmalıdır.

Liderlik təcrübəsi

Namizədlər üçün qoyulan tələblərdən biri isə liderlik təcrübəsi ilə bağlıdır. İsveç İnstitutu liderliklə bağlı bir ciddi tələb (vəzifə və ya iş saatı ilə bağlı) qoymasa da, qeyd edir ki, güclü və uyğun liderlik təcrübəsi olan şəxslərə üstünlük veriləcəkdir.

Tələb olunan sənədlər

Namizədin təqaüd proqramına müracəti üçün bu formada hazırlanmış CV, formaya uyğun 2 referans məktubu, qeyd olunan formatda iş və liderlik təcrübəsini sübutu, pasport və sistem üzərində yazılacaq motivasiya məktubu tələb olunur. CV 3 səhifəni keçməməli, referans məktublarından biri iş təcrübəsinə aid olmalı və referansı verən şəxs tərəfindən imzalanmalı və möhürlənməlidir. İkinci referans məktubunun iş təcrübəsindən kənar fəaliyyət ilə əlaqəli olması (məsələn, vətəndaş cəmiyyəti təşkilatları) arzuolunandır.

Burada qeyd olunan sənədlərdə çatışmazlıq və ya qoyulan tələblərə uyğunsuzluq (məsələn, 4 səhifəlik CV və ya 1 referans məktubu) olarsa, müraciət avtomatik olaraq imtina ilə nəticələnəcəkdir.

Müraciət qaydası və tarixlər

İsveçdə tam təqaüdlə magistratura təhsili almaq istəyən namizədlər, proseduru 2 mərhələdə aparmalı və hər mərhələ üçün qoyulmuş son tarixləri də nəzərə almalıdır.

Birinci mərhələ budur ki, namizəd https://www.universityadmissions.se/intl/start linki üzərindən yuxarıda qeyd etdiyim uyğun proqramlardan seçim etməli və 15 oktyabr 2025-ci ildən 15 yanvar 2026-cı ilə qədər universitetlərə müraciətini tamamlamalıdır. İsveçin universitetlərinə müraciət zamanı nəzərdə tutulan müraciət rüsumu (application fee) və bütün sənədləşmə işləri isə yekunlaşmalıdır. 4 uyğun magistratura proqramına müraciət etməyə icazə verilsə də, təqaüd üçün yalnız 1 proqram seçilməlidir.

İkinci mərhələdə isə namizədlərdən SI portalı üzərindən artıq təqaüdə müraciət etmələri tələb olunur. Portal 09-28 fevral 2026-cı il tarixləri arasında açıq olacaqdır və müraciətləri qəbul edəcəkdir. Ciddi şəkildə tövsiyə olunur ki, həm universitetlərə, həm də təqaüdə müraciət məsələsi son günlərə saxlanılmasın.

Daha sonrakı mərhələlərdə isə tələbənin bir o qədər edə biləcəyi bir şeylər olmasa da, bunlar haqqında da məlumat vermək istərdim.

25 fevral-25 mart 2026-cı il tarixləri arasında İsveç İnstitutu təqaüdə müraciət edən namizədlərin sənədlərini yoxlayır və təqaüd üçün uyğun olmayan namizədlər kənarlaşdırır. İsveç İnstitutu 26 mart 2026-cı ilə qədər isə namizədlərin birinci mərhələdəki (yəni universitetlərə müraciət) nəticələrini əldə edir. Namizəd bu vaxta qədər müraciət etdiyi magistratura proqramlarının ən azı birindən tam və ya şərti qəbul almalıdır. Universitetlərdən qəbul almayan və ya rezerv siyahıya düşən namizədlərin təqaüd üçün müraciəti də keçərli hesab olunmur.

Ən son mərhələdə isə həm təqaüd üçün, həm də universitetdən qəbul alan namizədlər barədə 26 mart-23 aprel 2026-cı il tarixləri arasında yekun qərar verilir və elə 23 aprel tarixində https://si.se/en/news/ linki qaliblərin siyahısı elan olunur. Adətən, aprelin sonu, mayın əvvəli isə nəticələr (yalnız qaliblər) barədə rəsmi e-poçt əldə olunur.

Yekun fikirlər

İsveç Avropa və dünyanın ən yaxşı ölkələrindən hesab olunur. Elə buna görədir ki, dünyanın bir çox ölkələrindən  (xüsusilə, Asiya və Afrika) olan insanlar həm təhsil, həm də karyera baxımından İsveçi əsas hədəf ölkə hesab edirlər. Yuxarıda qeyd olunan tələblərdən əlavə, namizədin şəxsi inkişafı və təcrübəsi (liderlik istiqamətində), sosiallaşması və xüsusilə, vətəndaş cəmiyyətləri ilə bağlı göstərdiyi fəaliyyət ciddi şəkildə tövsiyə olunur. Bundan başqa, Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf Gündəliyi barədə məlumatlı olmaq, davamlı inkişaf istiqamətində karyera və ixtisas seçimi etməyi nəzərdə saxlamaq və təcrübə qazanılmış sahəni təqaüd proqramı üçün əsaslandırmağa çox ciddi yanaşmaq lazımdır.

Scroll to Top