Polşa üçün səyahət məlumatları, işə yararlı saytlar, mənfi və müsbət tərəfləri

Polşa üçün səyahət məlumatları, işə yararlı saytlar, mənfi və müsbət tərəfləri

Son yenilənmə tarixi: 06/12/2025

Polşa üçün səyahət məlumatları, işə yararlı saytlar, mənfi və müsbət tərəfləri bir qədər uzun yazılmış yazıdır. Lakin, Polşada 1 ildən çox işlədiyim və yaşadığım zamanda bildiklərimi sizinlə paylaşmaq istərdim. Ardıcıllıqla, calışacam ki, ən mühüm məsələlər aydınlıq gətirə bilim.

İlk öncə başlayaq nəqliyyat məsələlərindən.

Varşava Şopen hava limanından şəhər mərkəzinə

Çox böyük ehtimalla siz Polşaya gələn zaman Varşavanın Şopen hava limanından istifadə edəcəksiniz. Hava limanından Varşavanın mərkəzinə isə qatar və yaxud da avtobusla gələ bilərsiniz. 175 nömrəli avtobusla 18-ci dayanacaqda düşməlisiniz, qatarla isə S2 xəttindən istifadə edib, Warszawa Śródmieście və ya Warszawa Centralna stansiyasında düşün. Avtobusla yarım saat, qatarla isə 20 dəqiqədən sonra Varşavanın mərkəzində olacaqsınız. Siz qatar və ya avtobus üçün bilet ödənişini plastik bank kartı (Azərbaycan bank kartı da olar) ilə də edə bilərsiniz.  Bilet üçün 4.4 zlot pul ödəməlisiniz. Əlavə məlumat üçün deyim ki, Jakdojade saytı sizə şəhərin içərisində nəqliyyatdan istifadə etməyə, və eyni zamanda da hava limanından şəhər mərkəzinə gəlməkdə çox kömək edəcək. Ümumiyyətlə, çalışın iOS və ya Android üçün hazırlanmış proqramdan istifadə edəsiniz.

Varşavadaxili və ölkəiçi nəqliyyat

1-ci paraqrafda adını yazdığım platforma (Jakdojade) sizə eyni zamanda şəhərdaxili nəqliyyatdan istifadə etməkdə də çox yararlı olacaq. Çünki, proqram şəhərin içərisində hərəkət etmək üçün bütün mümkün variantları sizə göstərir: avtobus, tramvay və metro. Sadəcə olaraq, olduğunuz və getmək istədiyiniz yeri göstərirsiniz, proqram sizə avtomatik hansı nəqliyyat vasitəsinin hardan və neçədə çıxdığını göstərir. Əgər siz Varşavadan başqa bir şəhərə getməyi planlaşdırırsınızsa, bu zaman qatardan və yaxud da avtobusdan istifadə edə bilərsiniz. Qatarların marşrut cədvəllərinə baxmaq üçün Rozklad-pkp saytına baxın. Əgər avtobusdan istifadə edəcəksinizsə, Polskibus yaxşı seçim ola bilər.

Polşada ödəniş, valyuta dəyişmə və bank haqqında

Ödəniş və valyuta dəyişmə

Polşada qüvvədə olan yeganə pul vahidi Polyak zlotudur (mənası “qızıl” deməkdir). Polşa, Avropa Birliyinin və Şengen zonanın üzvü olduğu, lakin Avrozonanın üzvü olmadığı üçün avro ödəniş vasitəsi kimi qəbul olunmur. Ümumiyyətlə, əgər hava limanında zlot almaq istəsəniz (şəhər mərkəzinə gəlmək üçün), çalışın ki, 10 avrodan artıq dəyişməyəsiniz. 10 avro sizə tamamən bəs edər ki, qatarla ya avtobusla şəhər mərkəzinə gələ biləsiniz. Hava limanında isə avronun satışı həddindən artıq baha, alışı isə inanılmaz dərəcədə ucuzdur (bu hava limanlarının tipik, monopolik siyasətidir). Əlinizdəki dolları və ya avronu harda dəyişmək məsələsinə gəldikdə isə, çalışın banklarda dəyişməyin. Banklar da hava limanı kimi, avronu sizdən ucuz alacaq. Polşada “Kantor” adlanan valyutadəyişmə məntəqələri var ki, burada xarici valyutanı daha yaxşı qiymətə alırlar və lazım olarsa, sizə daha ucuz qiymətə xarici valyuta da satırlar. Adi bir misal üçün deyim ki, bu gün üçün kantor sizdən avronu banka nisbətən 0.10 zlot fərq ilə (1 avro satanda) daha baha alır. Bu o deməkdir ki, siz 100 avroda 10 zlot, 1000 avronu dəyişəndə isə 100 zlot pul qazana bilərsiniz. 100 zlot Polşada az pul deyil: 1 nəfərin həftəlik ərzaq xərci ola bilər.

Bank

Hansı bank xidmətindən istifadə etmək daha yaxşıdı məsələsi isə bir qədər individual xarakter daşıyır. mBank məsələn, sizə şərt qoyur ki, ay ərzində kartınız ilə azı 300 zlotluq nəğd ödəniş etməlisiniz (hər hansı bir mağazada və s.), əks halda kart üçün aylıq ödəniş olunmalıdır. Ümumiyyətlə, polyak banklarında mənim üçün ən böyük mənfilik də elə budur. Heç bir bank sizə şərtsiz bank kartı vermir (NestBank istisna olmaqla. NestBankın isə AB vətəndaşı olmayanlarla işləmə təcrübəsi yoxdur) və eyni zamanda da siz müəyyən şərtlər daxilində ATM-lərdən istifadə edə bilərsiniz.

Polşada mobil operatorlardan istifadə

Polşanın 3 ən böyük mobil operatoru var: T-Mobile, OrangePlay. Orange operatorunun tarifləri qarışıq olduğu üçün, heç özüm də bu operatordan istifadə etmirəm. Rahat anlaşıqlı şərtləri olan 2 operatordan qısaca məlumat vermək istərdim. Əgər hər iki operatoru (T-Mobile və Play), ümumi fərqləndirsək, bir o qədər fərqli şərtlərlə xidmət göstərmədiyini görə bilərik. Məsələn, Play sizə aylığı 25 zlot olan bir tarif təklif edir ki, bu tariflə siz Polşadaxili mesaj və zəngdən limitsiz, internetdən isə 6 GB həcmində istifadə edə bilərsiniz. Play digər tarifləri haqqında əlavə məlumat üçün bu linkdən istifadə edin. Operatorlardan istifadə də, tamamilə şəxsi zövqə görə dəyişir. Məsələn, polyak dostum T-Mobile operatorunun eyni şərtlərlə olan tarifindən (hətta eyni aylıq ödənişlə) istifadə etdiyi halda, mənim Play-dən daha çox xoşum gəlir.

Polşada işə yararlı saytlar

Polşaya yeni gələn və ya gəlmək istəyən azərbaycanlılar üçün ümidvaram ki, nə zamansa lazım olacaq.

allegro.pl

Allegro Polşanın ən məşhur alış-veriş saytıdır. Müqayisə üçün deyə bilərəm ki, sayt eBay və ya Aliexpress kimi beynəlxalq platformalarla oxşarlıq təşkil edir. Bir fərq burdadır ki, Allegro yalnız polyak dilindədir və hər hansı bir beynəlxalq dilə tərcümə olunmayıb. Burada işlənmiş, xarab və ya yeni mallar axtarıb, tapıb və ala bilərsiniz. Allegro sizi fırıldaqçılardan da qoruyur, amma ki, 100 % geri ödənişlə təmin etmir (sizə kimsə aldığınızı göndərmirsə və s.). Allegroda malı alırsınız, sifarişin çatdırılma metodu və adresinizi yazırsınız və kartla ödəniş etdikdən sonra sifariş sizə göndərilir.

olx.pl

OLX Azərbaycanda məşhur olan tap.az saytının tamamilə oxşar polyak versiyasıdır. Allegrodan fərqi budur ki, OLX-də siz normal olaraq satıcı ilə görüşüb, almaq istədiyiniz mala baxıb, ödəniş edirsiniz. Burada eyni-zamanda kirayə evlər də tapmaq mümkündür.

conotoxia.com

Əvvəlki yazılarımın birində bildirmişdim ki, Polşada avronu ən ucuz hava limanlarında alırlar. Hava limanlarında qəti olaraq xarici valyutanızı polyak zlotuna dəyişməyin. Banklar isə bir qədər yaxşı qiymətə alırlar. Daha yaxşı qiymətə isə siz “Kantor” adlanan yerdə dəyişə bilərsiniz. Amma ən gözəl variantı sizə Conotoxia platforması təklif edir. Belə ki, bunun üçün sizin hər hansı polyak bankında hesabınız olmalıdır. Hesab açarkən, zlot və sizdə olan valyutaların hesabını (USD və ya Euro) da açmağı unutmayın. Daha sonra isə öz hesabınızdan Conotoxia hesabınıza həmin xarici valyutanı köçürürsünüz və Conotoxia ilə daha yaxşı qiymətə onu zlota dəyişdirib, yenidən zlot hesabınıza qaytarırsınız. Ən gözəli isə bunların hamısı ödənişsizdir. Nə bank, nə də Conotoxia sizə Polşadaxili transfer üçün heç bir faiz tutmur.

otomoto.pl

Polşada avtomobil almaq fikriniz varsa, mütləq bu sayta baxın. Sayt haqqında ətraflı məlumat verə bilmirəm, çünki bir o qədər avtomobil həvəskarı deyiləm.

pyszne.pl

Heç nə hazırlayıb yeməyə həvəsiniz və ya vaxtınız yoxdursa, bu saytdan istifadə edə bilərsiniz. Pysznedə əsasən “fast food” tipli yeməklər olur (ən çox da pizza), ev yeməklərinə rast gəlmək çətindir. Ödənişi isə kartla və ya nəğd də edə bilərsiniz. Platforma eyni zamanda xarici ölkələrin bank kartlarını da qəbul edir.

ceneo.pl

Ceneoda müxtəlif malların qiymətlərini müqayisəsini görə bilərsiniz. Məsələn, deyək ki, sizə Huawei P10 telefonu lazımdır və sayt sizə hardan və neçəyə ala biləcəyinizi göstərir. Beləcə, ən ucuz satılan yeri müəyyən etmiş olursunuz. Eyni zamanda həmin məhsullar haqqında alıcıların fikirlərini də görə bilərsiniz.

opineo.pl

Mənası “rəy” və ya “fikir” deməkdir. Polşada məşhur olan firmalar, onların satdığı məhsulların keyfiyyəti, poçt ilə çatdırılma vaxtı və müştəri xidmətlərini qiymətləndirilməsi haqqında saytda asanlıqla məlumat almaq olar. Əgər internetdə hər hansı bir digər saytda bir məhsul görüb almaq istəyirsinizsə, çalışın Opineo-da o şirkət haqqında fikirlər və qiymətləndirmə ilə tanış olasınız.

Ölkə haqqında mənfi fikirlərim

Polşanın aşağı maaş problemi

Polşada işləyənlər üçün yaşamaq icazəsi barədə yazımda bildirmişdim ki, burada işçilərə ehtiyac çoxdur. İndi də, sözümün üzərində dayanıram. Amma məsələ budur ki, bu işlərin əksəriyyəti yüksək maaşla təklif edilmir. Hal-hazırda, Polşada minimum əmək haqqı 2000 zlotdur (1 zl=0.47azn). Amma bu maaşdan sizin vergi və digər xərclər tutulmalıdır və bundan sonra sizə qalan net maaş cəmi 1459 zlot olur. Əgər bu maaşla şəxsi bir evdə kirayə yaşamaq, yaxşı geyinmək, yemək-içmək və istirahət etmək istəyirsinizsə, bunları yaddan çıxartmaq lazımdır. Minimum maaş sizə yalnız aylıq yemək xərclərinə və kiminsə evində 1 otağı kirayə götürməyə bəs edəcək.

Polyakların həyat tərzi

İtaliyada və Litvada yaşadığım vaxt özümü daha yaxşı hiss edirdim. Bu da təbii ki, insanların ətrafa verdiyi müsbət enerji ilə çox bağlı idi. Litvada adi bir satıcı belə sizi gülərüzlə qarşılayır, İtaliyada isə insanlar deyib-gülüb əylənməyi üstün dərəcədə sevirlər. Polşada isə, ən azı mən yaşadığım şəhərdə, həyat daha pessimist və monoton axır. Balaca bir şəhərdə işləmək və ya yaşamaq istəyirsinizsə, nəzərə alın ki, gözəl istirahət də etmək üçün şansınız olmayacaq. Məsələn, küçə musiqisi İtalyada adi bir şey kimi qəbul edildiyi halda, balaca polyak şəhərlərində buna rast gəlmək mümkün deyil. Fərqli millətlərlə dolu olan şəhərdə yaşamaq istəyirsinizsə, seçiminizi yalnız böyük şəhərlərdən edin. Kiçik şəhərlərdə başqa millətdən kimisə görmək çox çətin məsələdir.

Polyak olmayanlara qarşı nifrət

Polşada ərəb qaçqınlara rast gəlmək şansı sıfıra yaxındır. Çünki, hökumət açıq-aşkar bildirib ki, heç bir işə yaramayan qaçqınların Polşada yeri yoxdur. Təkcə, hökumət yox, elə toplumun özü də immiqrantlara qarşı bir o qədər qucaq açan deyil.  Məsələn, qaçqınların Polşaya gəlməməkləri üçün bir neçə dəfə yürüş keçirilmiş və on minlərlə adam iştirak etmişdir. Çox böyük ehtimalla, Almaniyada və Fransada müsəlman qaçqınların yerli dəyərlərlə yaşaya bilməməsi və bu azmış kimi, çox vaxt mədəniyyətsizlik göstərməsi polyakların anti-immiqrant hisslərini daha da gücləndirir. İnternet video portallarında anti-müsəlman videolarının ən çox izlənənlər sırasında birinci olması da təəccüblü deyil (necə ki, Azərbaycanda Maşın-şou birinci yerdə olur, deməli toplumu Maşın-Şoudakı hadisələr daha çox maraqlandırır).

İctimai davranış problemi

Bəzən olur ki, dükanda və ya yolda kiminsə sizə neqativ baxdığını görə bilərsiniz. Və eyni zamanda dükanda sıra gözləyərkən kiminsə nəzakətsiz şəkildə sıranı pozmasının şahidi ola bilərsiniz. Polşada əsasən cavanlar söyüşlə çox danışır. Və bu söyüşlər də, istər-istəməz insanın nitqini iyrəncləşdirir. Bəzi hallarda, kiminsə tüpürdüyünü və ya hündürdən gəyirdiyini görmək mümkündür. İş orasındadır ki, həmin adam utanmaqdan çox etdiyi hərəkətlə fəxr edir. Deyə bilmərəm ki, bu hallarla tez-tez rastlaşmaq olur, amma ümumən olur.

Total nəzarət

Polşada ən böyük mənfi hallardan biri isə nəzarət etməyə olan sevgidir. Məsələn, mən yaşadığım evin cəmi bir otağının aylıq ödənişini edirəm və ev sahibinin oğlu ilə yaşayıram. Oğlan isə evdə baş verən hər şeyi bilməyə, adi bir dəyişikliyin belə əvvəlcə ondan icazə alınmasına belə maraqlıdır. Hətta bir dəfə dostumun qonağı gəlsə də, ev sahibi (yəni oğlanın özü) bunu neqativ münasibətlə qarşıladı və bildirdi ki, mən qabaqcadan razılıq versəm, sonra kimsə qonaq gələr bilər. Polyak dostumla söhbət edərkən, o da təsdiqləmişdi ki, hətta İngiltərədə belə polyakların əksəriyyəti nəzarət  etməyi hədsiz dərəcədə sevirlər. Hər şeyə nəzarət isə adamı istər-istəməz rahat olmağa qoymur.

Ölkə haqqında müsbət fikirlərim

Polşada mobil danışıq və internet qiymətləri

Müsbət cəhətlərə gəlincə isə bir çox şeyi xırdalamaq olar. Nümunə üçün, Polşada Azərbaycandakı kimi internet və mobil xidmətlər monopoliya ilə idarə olunmur. Və bu səbəbdəndir ki, mobil və internet operatorlar qiymətləri azad bazar şəraitinə görə uyğunlaşdırırlar. Azad bazar isə qiyməti salır və keyfiyyəti yüksəldir. Məsələn, Polşada siz aylıq cəmi 25 zlot ödəməklə limitsiz danışıq, mesaj və 10 GB internet paketi əldə edə bilərsiniz. Azərbaycan manatı ilə bu qiymət təxmini 12 manatdır. Hətta mobil operatorlar tez-tez sizə ödənişsiz, yəni bonus kimi internet trafiki verirlər. Məsələn, Play mobil operatoru 2017-ci ilin yay ayları üçün hər ay  3 GB olmaqla istifadəçilərə bonus verib. İstənilən halda bonus almasanız belə, məncə, 12 manatlıq paket dəyərində yuxarıda sadalananlara sahiblik gözəl hissdir.

Polşada fiber optik internet

İnternet xidmətlərinə gəlincə isə fiber optik qoşulma Polşada çox məşhurdur və aylığı 35 zlot olmaqla siz 35 mb/san sürətlə internetə qoşula bilərsiniz. Fiber optik qoşulma ili sizi təmin edə biləcək kompaniyaların adını tam siyahi ilə yaza bilməyəcəm, çünki bu qaldığınız regiona görə dəyişə bilər. Məsələn, Torun şəhərində Multimedia şirkəti sizi yüksək sürətli internet ilə təmin etsə də, əvvəl yaşadığım Şedlçe şəhərindəki eynifunksiyalı şirkət Domtel Telecom idi.

Polşada ərzaq, ev və transport qiymətləri

Ərzaq

Polşada ərzaq qiymətləri Azərbaycanla müqayisədə bahadır. Məsələn, siz 50 qroşa (polyak qəpiyi, təxmini 25 qəpik) balaca bir bulkaya oxşar çörək ala bilərsiniz. Bir litrlik Koka Kola isə 4 zlot ( təxmini 2 azn) civarındadır. Əgər evdə yemək bişirirsinizsə, normal qidalanmaq üçün günə 30 zlot bəs edə bilər. Bu 30 zlotun içində ət məhsullarını, çörək, tərəvəz və meyvələri də daxil edə bilərik. Polşada yaxşı cəhət odur ki, ən bahalı şəhərlə ən ucuz yaşamalı şəhər arasındakı ərzaq qiymətlərində fərq olmur.

Ev kirayəsi

Ev məsələsi isə qida qiymətləri ilə müqayisədə qəlizdir. Evin qiyməti şəhərdən, mərkəzə yaxınlıqdan və tək (yə kiminlərsə yaşamaqdan) asılı olaraq kəskin surətdə dəyişilə bilər. Məsələn, Torunda mənim yaşadığım ev 2 otaqlı, orta şəraitli və mərkəzdən piyada 15-20 dəqiqəlik məsafədə yerləşirdi. Aylığı üçün isə 1200 zlot (ev, administrativ haqq və kommunal ödənişlər daxil) ödəniş edirdim. Eyni ödənişlə (1200 zlot) isə Varşavada yalnız kiminləsə yaşa bilərsiniz. Yəni sizə cəmi bir şəxsi otaq verilə bilər.

Transport

Transporta gəlincə isə. Polşada metro yalnız Varşavadadır. Qiymət isə gediş müddətindən və zonadan asılı olaraq dəyişir. Eyni məntiq digər transport sistemləri üçün də keçərlidir. Avtobus, tralleybusun qiymətləri isə şəhərdən asılıdır. Əgər siz tələbə kimi yaşayırsınızsa və yaşınız 26 və ondan aşağıdırsa, bu zaman bütün kütləvi nəqliyyat vasitələri üçün (Polşadaxili qatar da daxil olmaqla) 50 faiz endirim əldə etmiş olursunuz. Amma mütləq tələbə vəsiqəniz üzərinizdə olmalıdır.

Yekun

Ümumiyyətlə Polşada digər Avropa ölkələri ilə müqayisədə daha az pulla rahat yaşamaq olar. Təbii ki, bu rahat yaşamaq məsələsi nisbidir və şəxsə görə dəyişə bilər. Ucuzluqla aşağı maaş isə bəzən sizin maddi vəziyyətinizi yaxşılaşdırmağa imkan vermir. Yəni çox vaxt təklif edilən işlər yüksək maaşla təklif olunmur (çünki ucuzluqdur) və bu səbəbdən də öz işinizi öz maliyyəniz ilə qurmaq çətinləşir.

Scroll to Top