Son yenilənmə tarixi: 08/12/2025
Uzunmüddətli səyahətə hazırlıq zamanı nələrə diqqət etməliyik? Tələbələrin bir çox hallarda gözardı etdiyi lakin çox önəmli hesab etdiyimiz məqamları paylşamaq istərdik.
Qadağan olan məhsullar
Əgər təyyarənin salonuna əl çantası (və ya bel çantası) aparacaqsınızsa, bu zaman bir sıra məhdudiyyətlərlə üzləşəcəksiniz. Birinci növbədə kəsici-deşici (məsələn, qayçı) alətləri əl çantasına qoymayın. İkinci növbədə 100 ml-dən artıq maye halında olan bir şeyləri (məsələn, ətir və s.) də əl və ya bel çantasında götürməyin. Bəzi hava limanlarında əl/bel çantaları içərisində hazır yeməklərin keçirilməsinə icazə olsa da, bəzilərində isə təyyarəyə yemək və ya içki keçirmək qadağan olunur.
Ümumiyyətlə, yemək-içmək məsələlərindən çalışın ki, uzaq durun. Tövsiyə olunur ki, xüsusilə ət və ya ət məhsullarını (bişmiş və ya çiy) Şengen ölkələrinə aparmayasınız. Yəni yoxlama olsa, böyük ehtimalla, o məhsulları atmalı olacaqsınız. Amma təcrübəm göstərir ki, bir çox hallarda tələbələrə hava limanlarının təhlükəsizlik xidmət işçiləri güzəşt edirlər və baqajlarını yoxlamırlar. Çox tövsiyə olunur ki, həm ölkəmizin, həm də getdiyiniz ölkənin sərhə-keçid məntəqələrinin qaydaları ilə tanış olasınız. Gedilən ölkələr fərqli olduğu üçün bütün qaydaları bir yazıda birləşdirə bilmirik.
Məsələn, bütün məhdudiyyətlər və qadağan olunan əşyalar haqqında AZAL-ın rəsmi saytından daha geniş məlumat əldə edə bilərsiniz.
Pul və bank kartları
Bir çox ölkələrə giriş zamanı sərhəd-keçid məntəqələrində şəxsin üzərindəki nağd pulun miqdarı soruşulur və adətən 10.000 (avro, dollar və s.) qədər pul sıxıntı yaratmır. Lakin, daha çox pul aparan yoldaşlardan deklarasiya tələb oluna bilər. Bu baxımdan, tövsiyə olunur ki, nağd pula üstünlük verilməsin: həm deklarasiya üçün sıxıntıdır, həm də daha çox nəzarət tələb edir. Bu baxımdan səfərə çıxmazdan öncə, xüsusən də, bu səyahət uzun müddət üçün nəzərdə tutulursa, mütləq ən azı iki bank kartı götürün. Bir kart xarab olarsa (xarab olma ehtimalı var) əgər, ikinci kart sizə çox kömək olacaq. Eyni zamanda, bu kartları fərqli banklarda açdırın. Əgər bir bankın sistemində texniki problem yaranarsa, digər bankdan rahatlıqla pul qəbul edə və ya xərcləyə biləsiniz.
Ölkə haqqında məlumatlı olun
Təbii ki, söhbət burada tarixi keçmişdən getmir. Geniş məlumat dedikdə, avtobusların, qatarların dəqiq vaxtları, şəhərdaxili dayancaqlar, ucuz marketlər və restoranlar ola bilər. Hal-hazırda smartfonlar üçün hazırlanmış proqramlar var ki, həmin proqramların köməyi ilə siz bu məlumatları çox asanlıqla əldə edə bilərsiniz. Eyni zamanda, gedəcəyiniz ölkənin pul vahidini dəqiqləşdirin. Avropa Birliyinin üzvü olan bütün ölkələrdə avro yeganə pul vahidi deyil. Məsələn, Polşa Avropa Birliyinin üzvü olsa da, Avrozonanın üzvü olmadığına görə, ölkənin pul vahidi zlot hesab olunur. Əgər sizdə olan valyuta yerli valyutadan fərqlidirsə, o zaman siz hava limanlarında pulu yerli valyutaya dəyişdirə bilərsiniz. Sadəcə yadda saxlamaq lazımdır ki, lazımı qədər pul dəyişdirin, çünki çox hallarda hava limanlarında avro ya dollar müəyyən qədər ucuz alınır.
Ağrıkəsici və gigiyenik ləvazimatlar
Çalışın ki, baqajınızda müəyyən ağrılar üçün ya ümumən ağrıkəsici olsun. Çünki iqlimin dəyişməsi sağlamlığınıza mənfi mənada ciddi təsir edə bilər. Bu kimi hallara hazır olmaqda, həqiqətən də fayda var. Əgər bədəninizin allergik bir problemi varsa, bu zaman özünüzlə lazımi qədər istifadə edə bildiyiniz şampun və sabun aparın. Diş pastası, fırçası və dəsmallar da yadınızdan çıxmasın. Çünki, uçuşdan sonra ilk istədiyiniz şey, çimib, yatmaq olacaq.
Sənədlər və etibarnamə
Tələbələrin ən ciddi sıxıntılı məqamlarından biri budur ki, əvvəlcədən bildirilməsinə baxmayaraq bəzi sənədləri özləri ilə aparmırlar. Təhsil müssisəsinin əməkdaşları ilə əlaqə saxlamaq və növbəti etaplarda tələb olunan sənədləri tələb olunan formada hazırlamaq mütləq şəkildə tövsiyə olunur. Eynilə, çalışın ki, sənədləri yük baqajında yox, əl baqajı və ya çantada aparsınız. Baqaj itməsi kimi problemlər olduğu üçün sənədləriniz də risk altında ola bilər.
Digər bir problem isə yanaşma tərzi ilə bağlıdır. Bəzən tələbələr düşünür ki, xaricə gedirəmsə, buralıq bir işim qalmır. Praktika göstərir ki, bəzi hallarda hətta bir neçə həftədən sonra belə də tələbənin Azərbaycana bağlı hansısa bir işi görməsi və ya sənəd hazırlaması lazım olur. Bu baxımdan xarici bir ölkəyə getməmişdən əvvəl ailə üzvlərinə şəxsi təmsil etməklə bağlı bir etibarnamə verilsə, işlər bir xeyli yüngülləşmiş və risklər aşağı salınmış olur.
Yekun
Son olaraq, sənədləşmə və sağlığınıza aid olan hər bir şeyə fikir verin. Qışı sərt keçən bir ölkəyə gedirsinizsə, özünüzlə isti paltarlar götürə biləsiniz. Eyni zamanda, fikirləşməyin ki, gedib rus ya ingilis dilini bilən kimisə tapıb dərdimi deyə bilərəm: yerli dildə bir neçə cümlə öyrənsəniz, pis olmaz.

